Azeri fonts

BRİLLİANT DADAŞOVA AĞ-QARA FONDA

"Yağış" mahnısını ekranlaşdırıb

Brilliant Dadaşovanın "Yağış" mahnısına çəkdirdiyi klip artıq hazırdır. Xatırladaq ki, Brilliant xanım adı çəkilən mahnını hələ keçən əsrin axırlarında ifa edib. Söz və musiqisinin müəllifi Xanım İsmayılqızı olan mahnının klip çəkilişlərini rejissor Samir Fərzəlibəyov həyata keçirib. Rejissor Ülviyyə Könül isə klipə prodüserlik missiyasını üzərinə götürüb.
Onu da qeyd edək ki, klipin rejissorluq işinin məhz Samir Fərzəlibəyova həvalə edilməsi ideyası Ülviyyə Könülə məxsusdur. O, S.Fərzəlibəyovun ölkəmizdə qrafika janrında çalışan ən yaxşı rejissor olduğu qənaətindədir.
Müğənni qeyd etdi ki, onu bu mahnıya klip çəkdirməyə Musiqili Komediya Teatrının baş rəssamı İsmayıl Məmmədov ruhlandırıb. Belə ki, klipdə rəssamın Bakıya aid cizgi janrında çəkdiyi əsərlər nümayiş edilir. İlk baxışdan klipin cizgi filminə oxşarlığı olsa da, əslində klipdə İsmayıl Məmmədovun əl işləri sərgilənir. Sadəcə həmin əsərlər cizgi janrında çəkilib.
Rəssam İsmayıl Məmmədov söyləyir ki, klipdəki əsərləri hələ 1994-cü ildən çəkməyə başlayıb. Onun fikrincə, Brilliant xanımın ifası həmin rəsmləri sanki canlandırır və hər birimizə yaxın edir: "Əsərlərimdə Bakının dar küçələrini, qədim görünüşünü çəkmişəm. Hazırda yeni inşa edilən binaların arxasında köhnələr itib batır. Çox istərdim ki, gələcək nəsil bundan xəbər tutsun. Mənim qənatimcə, bu klipdə bir növ insanlara çağırış, ismarıc var ki, tarixlərini, mədəniyyətlərini qorusunlar".
Rejissor isə rəssamın fikirləri ilə mahnı arasında harmoniya yaratmağa çalışıb. Yaradıcı qrupun qənaətincə, Bakı mənzərələri hər bir paytaxt sakininə öz həyatının bir səhifəsini xatırladacaq. Çünki Bakının köhnə və dar küçələrindən keçərək çoxları məhəbbət dolu günlər yaşayıblar və indidən sonra da yaşayacaqlar.
Onu da qeyd edək ki, mahnının sözlərinə uyğun süjet xətti axtarışında olan yaradıcı qrup "Yağış" mahnısının bu dinamik ideyanın mahiyyətinə tam uyğun gəldiyi qənaətindədir. Klipin prodüseri Ülviyyə Könül bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda qrafika, animasiya janrında çəkilmiş kliplər azlıq təşkil edir: "Klipdə hansısa rəssamın əsərlərinin nümayişi isə ümumiyyətlə Azərbaycan üçün yenidir. Klip real olmayan məkanda çəkilsə də, orada bir canlı obraz var. Əgər diqqət yetirmisinizsə, əsərdə Brilliant xanım gah canlı, gah da cizgi formasında görünür. Bu onunla əlaqədardır ki, Brilliant xanım oxuduqlarını yaşayır və biz onun üz cizgiləri, emosiyaları vasitəsilə bunu tamaşaçıya çatdırmağa çalışmışıq".
Rejissor Samir Fərzəlibəyov isə klipin ağ-qara çəkilməsinə aydınlıq gətirdi. Onun qənaətincə, musiqinin sadəliyi və orijinallığı, rəsm əsərləri yaradıcı heyətdə bu ideyanı yaradıb: "Məlum olduğu kimi, Brilliant xanım mahnını pianonun müşayiəti ilə ifa edib. Yəni digər alətdən istifadə olunmayıb. Əsərlər də ağ-qara rəngdən ibarətdir. Ona görə də qərara aldıq ki, klip də mahnının ruhuna uyğun olsun".
Z.RƏHİMQIZI

Yeni kalendar fotoları əlavə edildi.

Yeni klipləri "Video" bölümündən yükləyə bilərsiniz.

Mətbuat xəbərlərini oxuyun

Musiqi bölümünə Brilliantın yeni mahnıları əlavə edildi.

Produced by Nigar Dadashova and Emin Musavi
Powered by Adanet
Designed by DreamArt